Təhsilimizin postpandemiya dövrü: Təcrübə və yeni çağırışlar

İl yarım əvvəl dünyada elan edilən koronavirus pandemiyası ölkəmizin təhsil sistemi qarşısında müəyyən problemlər qoymuş olsa da, təlim-tərbiyə prosesinin axarına, orta və ali məktəblərdə təhsil alanların davamiyyətinə ciddi təsir göstərməmiş, əksinə, şagird və tələbələrin bir məkana bağlanmadan daha mobil olmalarına və virtual formada təhsil almalarına imkan yaratmış oldu.

 

Bütövlükdə təhsil sistemi pandemiyanın çağırışlarının öhdəsindən uğurla gəldi: təhsil verənlər lazımi tövsiyələri aldılar və təlim-tərbiyə prosesini hər bir təhsil alanın tədris proqramını mənimsəyə bilməsi üçün uyğunlaşdıra bildilər. İstənilən halda əsas prioritet uşaq və gənclərin sağlamlığının qorunması olmuş, tədris prosesi isə, qısa fasilələr də olsa, məhdudiyyətlər dövründə uğurla davam etmişdir.

 

Ekstremal şəraitdə ölkənin Təhsil Nazirliyi və aparıcı ali məktəblər yaranmış vəziyyəti dərhal nəzarət altına alaraq, tədris prosesinin məsafədən həyata keçirilməsinə şərait yaratdılar, şagird, tələbə və müəllimlərə tədris materiallarına, onlayn kurslara çıxışını təmin edə bildilər.

 

Qeyd edilməlidir ki, tədris prosesinin məcburən distant formata keçirilməsi təhsil sistemində rəqəmsallaşdırmanın inkişafına əhəmiyyətli dərəcədə təkan vermiş oldu. Eyni zamanda, pandemiya təhsil ictimaiyyətini bir sıra ciddi problemlərlə üz-üzə qoydu: müəllimlərin onlayn-mühitdə iş təcrübəsinə kifayət qədər yiyələnmədiklərinin şahidi olduq. Pandemiyaya qədər onlayn-formatda bircə dəfə də olsun dərs saatı, mühazirə və ya seminar məşğələ keçməyən orta və ali məktəb müəllimlərinin böyük əksəriyyəti rəqəmsal texnologiyalarla iş təcrübəsinə, müvafiq bacarıq və vərdişlərə malik olmadıqları səbəbindən böyük çətinliklərlə üzləşdilər. Nəticədə təhsil alanların distant təhsil texnologiyalarının tətbiqi ilə səciyyələnən yeni şəraitə uyğunlaşmasında ləngimələrin şahidi olduq.  

 

Məlumdur ki, yeni texnologiyalar müəllimin şagird və tələbələrlə canlı ünsiyyətini heç bir halda əvəz edə bilməz. Onlar ənənəvi təhsil sistemini zənginləşdirməklə tədris prosesini daha səmərəli və uğurlu edir, onun müasir tələblərə cavab verməsinə geniş imkanlar yaradır.

 

Müəllimin təhsil sistemində yeri və rolu əvəzedilməzdir. Onun ixtisas biliklərinin və peşə bacarıqlarının inkişaf etdirilməsi, yeni reallıqda müasir texnologiyalarla iş qabiliyyətinin artırılması müəllim statutusunun möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yeni tədris ilində orta və ali məktəb müəllimləri üçün xüsusi təlim kurslarının təşkili, müvafiq mövzuda metodik tövsiyələrin hazırlanması, ali təhsil müəssisələrinin pedaqoji fakültələrində tədris proqramına distant təhsillə bağlı dərs saatlarının daxil edilməsi, tələbələrin pedaqoji təcrübəsi dövründə rəqəmsal təhsil mühitinin yaradılması, elektron tədris və məlumat ədəbiyyatının tərtib edilməsi, internet resurslarından, xüsusilə də sosial şəbəkələrdən istifadənin texniki və etik məsələləri, virtual ünsiyyət mədəniyyəti ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

 

Pandemiya dövründə təlim-tərbiyə prosesinin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi də diqqət mərkəzində olmalı, dünyanın qabaqcıl təhsil müəssisələrinin fəaliyyəti geniş təhlil edilməli, əldə edilmiş müsbət nəticələrin yerli şəraitə uyğunlaşdırılaraq pilot layihələr qismində tətbiqi yolları araşdırılmalıdır. Bu məqsədlə təhsilin idarə olunması ilə bağlı fəaliyyət göstərən rəhbər qurumlarda təcrübəli pedaqoqlardan, yeni texnologiyalar üzrə təcrübəli mütəxəssislərdən, ictimaiyyət nümayəndələrindən ibarət xüsusi işçi qruplarının yaradılması və onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədəuyğun hesab edilə bilər.

 

Elektron təlim və distant təhsil texnologiyalarından istifadə edərək, rəqəmsal platformalara qismən və ya tam keçidin ölkədəki mövcud epidemioloji vəziyyət kontekstində təhsil prosesinin fasiləsizliyinin təmin edilməsinin yeganə yolu olduğu artıq sübuta yetirilmişdir. Postpandemiya dövrü bu istiqamətdə daha ciddi və çevik addımların atılmasını tələb edir.

     

 

Könül Quliyeva,

“XXl Əsr Təhsil Mərkəzi” İctimai Birliyin sədri


Paylaş
Oxşar xəbərlər