“İrəli” İB “Müzəffər Əsgərimiz” layihəsini davam etdirir

“İrəli” İctimai Birliyi tərəfindən gənclərdə vətənpərvərlik hissinin aşılanması və gənclərimizin bu ruhda tərbiyə alması istiqamətində paytaxtda və bölgələrimizdə silsilə tədbirlər reallaşdırılır.

 

Bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Müzəffər Əsgərimiz” layihəsini həyata keçirir. Layihə 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində əvvəlcədən müəyyən olunmuş 14 şəhər və rayona gənclərin səfəri nəzərdə tutulur ki, indiyədək Bakı şəhəri, Masallı, Quba, Qusar, Neftçala və Biləsuvar rayonlarına artıq səfərlər təşkil olunub. Səfər zamanı “İrəli” komandası qəhrəman şəhid və qazilərimizin ailə üzvlərini ziyarət edib, şəhidlərimizin həyat yolundan, onların uşaqlıq xatirələrindən, həmçinin, Vətən müharibəsində iştirakınadək işğal altında olmuş torpaqlarımızla bağlı təəssübkeşliyindən danışılıb.

 

Görüşlər zamanı ziyarət olunan ailələrə qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş portret təqdim edilib. Həmçinin, şəhidlərin, qazilərin həyat hekayələrini, onların keçdiyi döyüş yolunu ictimaiyyətə çatdırmaq məqsədilə ümumilikdə 7 qısametrajlı videoçarx çəkiləcək. Çəkilişlərdə xüsusi olaraq müxtəlif etnik qruplardan olan qəhrəmanlarımız yer alacaq. Burada da əsas məqsəd Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əhəmiyyətini diqqətə çatdırmaqdan ibarətdir.

 

Bununla yanaşı, Vətən müharibəsi zamanı bütün millətlərin, etnik qrupların nümayəndələrinin iştirakını vurğulamaq, beləliklə, xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyasını ölkə ictimaiyyətinə çatdırmaq layihənin bu istiqamətdə əsas məqsədləri sırasındadır.

 

Qeyd edək ki, “İrəli” İctimai Birliyi tərəfindən layihə çərçivəsində Sabirabad, Qazax, Tovuz, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala rayonlarında da səfərlər təşkil ediləcək. Sonda çəkilən videoçarxlar müxtəlif zamanlarda həm sosial şəbəkələrdə, həm də paxtaxt və regionlarda nümayiş etdiriləcəkdir.

 


Paylaş