Tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zəruridir

Bildiyimiz kimi 18 oktyabr Müstəqilliyi Günü adlandırılsa da, hər birimzi çox gözəl bilirik ki, Azərbaycan dövlətinin müsətqillik tarixi 1918-ci illə bağlıdır.

 

Bu fikirləri “İki sahilə” açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə dedi.

 

QHT sədri bildirdi ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub: “Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Konstitusiya Aktında da Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutulduğu qeyd olunur. Buna baxmayaraq  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub”.

 

C.Hüseynzadə qeyd etdi ki, bütün bu faktlar özü özlüyündə onu təsdiqləyir ki, 18 oktyabr tarixi mahiyyət etibarı ilə müstəqilliyin bərpasını özündə ehtiva edir və uyğunsuzluq aradan qaldırılmalıdır: “Eyni zamanda nəzər almayıq ki,  Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir. Müharibədən öncəki reallıq regionda başqa idi, Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsindən sonra isə regionda tamam yeni reallıqlar meydan gəlmişdir. Bu reallıqlar Azərbaycanın haqq işi üçün mühüm imkanlar açıb. Bu baxımdan müxtəlif qanuvericilik aktlarında və digər məlumatlarda dövlətçilik və milli kimliyimiz ilə bağlı hər hansı cüzi yanlışlıq düşmən qüvvələrin əlində arqument kimi bizə qarşı çevrilə bilər”.

 

İctimai Birliyin sərdi dedi ki, bu düzəliş ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır: “Bu istiqamətdə dövlət tərəfindən ardıcıl işlər davam etməkdədir. Azərbaycanın Vətən Müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri də aktuallaşdırmışdır. Bu baxımdan vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zəruridir”.

 


Paylaş
Oxşar xəbərlər