DANİB-in  20 yaşı tamam olur 

 Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi - DANİB-in   20 yaşı tamam olur. 2001-ci il noyabrın 2-də Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi - DANİB-in təsis konfransı (təşəbbüs qrupu yaradıldıqdan təqribən 11 ay sonra) keçirilib. 

 

Bu barədə ictimai birliyin sədri Elməddin Behbud öz sosial şəbəkə hesabında bildirib.

 

QHT.az həmin paylaşımı təqdim edir.

 

 

"Müstəqilliyini bərpa etmə yaşı cəmi 30 il olan ölkəmizdə vətəndaş cəmiyyəti institutunun 20 yaşının tamam olması önəmli yubiley yaşıdır!

Təcrübəsiz, amma ruh yüksəkliyindən doğan təşəbbüskarlıq - entuziazmla silahlanan gəncliyin yaratdığı platformanın nə qədər müddət və necə fəaliyyət göstərəcəyini o vaxt  bilmirdik. 

 

Doğrudur, qərarlıydıq! 

Əzmkardıq!

İlk vaxtdan etibarən universitetlərlə, gənclərlə və digər tərəfdaşlarla əməkdaşlıq etməyə başladıq.

 

Regionlara da mütəmadi səfərlər edirdik.

 

DANİB o zaman da əsasən milli-mənəvi dəyərlərin təbliğatçısı idi. İndi ötən dövrə qısa nəzər salanda görürük ki, milli dəyərlər, tarixi yaddaşımız, insan hüquq və azadlıqları, seçki, gənclərin beynəlxalq əməkdaşlığı, zərərli vərdişlərlə mübarizə, mədəniyyət və digər mövzularda yüzlərlə tədbir keçirmişik. 

İmkanımız çərçivəsində 20 il müddətində ara vermədən dövlət gənclər siyasətinin bir hissəsi kimi fəaliyyət göstərərək sağlam gəncliyin formalaşmasına kiçik də olsa öz töhfəmizi verməyə çalışmışıq.

 

Məhdud imkanlarlara baxmayaraq on minlərlə gənclə işləmişik! 

Heç zaman önəmli miqdarda maliyyə dəstəyimiz olmayıb, amma bir sıra layihələrimizi yerli donorlar da diqqətdə saxlayıb, beynəlxalq qurumlarla da əməkdaşlıq təcrübəmiz yaranıb. 

 

Heç zaman Azərbaycanın milli maraqlarının müdafiəsi üçün əlimizdən gələni əsirgəmədik, dövlətçiliyimizin daha da güclü olmasına çalışdıq. Düşüncələrimizi qəzet, televiziya, sosial media kürsülərində açıq ifadə etdik. Ölkəmizi çoxsaylı beynəlxalq tədbirlərdə şərəflə təmsil etdik.

 

Bu gün özəl sektorda, dövlət qurumlarında, mediada, QHT sektorunda olan onlarla şəxsin yolu DANİB-dən keçib. 

DANİB mənim üçün də ictimai sektorda özümü ilkin ifadə platforması, müxtəlif sahələrlə bağlı öyrənmək, məlumat əldə etmək şansı, zəngin təcrübə qazanmaq imkanı deməkdir.

 

2001-ci il noyabrın 2-də Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi - DANİB-in təsis konfransı (təşəbbüs qrupu yaradıldıqdan təqribən 11 ay sonra) keçirilib. 

 

15 illiyimizi kampda bir neçə gün və çoxsaylı auditoriya ilə qeyd etmişdik. 

 

20 illik yubileyimizi isə məlum pandemiya səbəbindən məhdud sayda toplaşaraq qeyd etdik. Himnimizi canlı ifa etdik, əziz Şəhidlərimizin ruhu qarşısında baş əydik, onların xatirəsini sayğı duruşu ilə andıq. Qəhrəman Ordumuza, müzəffər Ali Baş Komandanımıza şükranlarımızı bildirdik.

Latviya, ABŞ, Rusiya, Almaniya və digər ölkələrdə yaşayan üzvlərimizin videotəbriklərini dinlədik. Qısa videoçarxı izlədik. Ötən dövrə nəzər saldıq, xatirələrimizi dilə gətirdik, gələcəklə bağlı planlarımızı və arzularımızı söylədik.

 

İrəliyə baxdıq və artıq Şuşa, Ağdam, Laçın...arzuları yox, Zəngəzur, İrəvan, Dərələyəz, Göyçə, Vedibasarla bağlı diləklərimizi bölüşdük.

25 illiyimizi bütöv Azərbaycanda və daha yüksək təhsilli cəmiyyətlə, daha firavan şəkildə qeyd edək!"

 

Qeyd edək ki, təşkilat üzvləri yubileyi birlikdə qeyd ediblər.

 

 

QHT.az olaraq təşkilatın sədri  Elməddin Behbudu və DANİB  komandasını təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq. 

 

 

 

 


Paylaş