“İrəli” İctimai Birliyi “İZ” layihəsinə start verir

Gənclərdə hərbi vətənpərvərlik hisslərinin formalaşması və onların hərtərəfli inkişafı sahəsində fəaliyyət göstərən “İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “İZ” layihəsinin qeydiyyatını açıq elan edir.

 

8-12 dekabr 2021-ci il tarixlərində Azərbaycanın dilbər guşələrindən olan Lənkəran şəhərində keçiriləcək layihə çərçivəsində gənclər ölkəmizin tarixdə qoyduğu izləri dərindən araşdıraraq mədəniyyət, tarix, komanda quruculuğu və digər bu kimi mövzular üzrə təlim və seminarlarda iştirak edəcəklər. 17-25 yaş aralığında olan, ilkin qeydiyyat və müsahibə mərhələlərində məqbul nəticə göstərmiş gənclər sırasından gender balansı qorunmaqla seçiləcək iştirakçılar 5 gün müddətində öncədən elan edilmiş mövzularla yanaşı, idman yarışları və praktiki sessiyalarda öz bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin “İZ” müddətində müxtəlif oyunların və ictimai müzakirələrin də keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edilmiş tələblərə cavab verən, “İZ” layihəsində iştirak edərək, birliyin fəaliyyətlərində aktiv iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://ireli.az/iz/

 

Xatırladaq ki, “İrəli” İctimai Birliyi cari il ərzində “Marş İrəli: Göygöl”, “YayFest: Vətənpərvərlik düşərgəsi”, “Gənclər Kuboku: Hərb Oyunları”, “Marş İrəli: Naxçıvan” və digər bu kimi gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda zəfər ruhunun tərənnümü istiqamətində həyata keçirilən tədbirləri də peşəkarlıqla icra edib. 4 düşərgədə ümumilikdə 500-ə yaxın gənc layihələrdən yararlanaraq, peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönümlü fiziki-psixoloji və intellektual oyunlarda iştirak edib.


Paylaş