“ÖVLADIM ÜÇÜN” festivalı Gəncədə böyük maraqla qarşılandı

Noyabr ayının 20-də Gəncə şəhər sakinlərinin iştirakı ilə “ÖVLADIM ÜÇÜN” layihəsi çərçivəsində sayca ikinci festival həyata keçirilib.  

 

İki yüzdən çox gənc ata və övladlarının iştirak etdiyi festival Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutub.

 

Festivalın keçirilməsində əsas məqsəd müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı, ata və övladları arasında emosional və mənəvi əlaqələrin artırılması, onların birgə vaxt keçirmələrinə və əylənmələrinə mühitin yaradılması olub.

 

Festivalda bir-birindən maraqlı musiqili proqramlar, dj-şou, rəqs nümayişləri, yarışlar və müxtəlif uşaq oyunları keçirilib. Festivalın iştirakçısı olan atalar övladları ilə birgə pazl qurmaq, qalstuk bağlamaq kimi yarışlarda iştirak edərək sonda hədiyyələr qazanıblar.

 

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində əvvəlcə Bakı, Gəncə, Şirvan şəhərlərində “Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” mövzusunda təlimlər keçirilib və layihənin davamı olaraq müvafiq şəhərlərdə festivalların keçirilməsinə start verilib. 

 


Paylaş