Əlilliyi olan şəxslərin festivalında ermənilərə “Sarı gəlin”lə dərs verdi   

Aşığın odu yarı,
Bayqunun odu yarı,
Qürbətdə Vətən tutduq,
Unutmadıq o diyarı.
Bəli, o diyarı da, onun adətlərini də unutmadı. Qəlbinin səsi, əllərinin hərarəti ilə sazı sinəsinə sıxıb dilləndirdi Mehrac. Gözləri görməsə də həssas duyğuları ilə notları, havaları öyrəndi. Zamanla çox sevdiyi türküləri də dilləndirdi.
 

Mehrac Dünyamalıyev 1992-ci ildə Kəlbəcər rayonunda anadan olub. Dünyaya gələr-gəlməz məhfur düşmənin məkrinə tuş gəlib. 1993-cü ildən ailəsi ilə birgə Şəmkir rayonunda məskunlaşıb. Anadangəlmə görmə məhdudiyyətli olsa da istedadı ona bu əngəli aşmağa imkan verib:

 

“Atam yaxşı saz çalmağı bacarır. Ona görə evdə hər zaman aşıq musiqisi eşitmişik. Bu sevgi məni də saza da bağladı. 6 yaşımdan atamın köməyi ilə saz çalmağa başladım. Sadəcə eşitdiyim səsləri təkrarlayaraq bu alətdə çalmağı öyrəndim”.
 
Köçkün həyatı, mənəvi sıxıntılar ailəni bir çox məhrumiyyətlərə sövq edib. Bu səbəbdən Mehrac təhsildən kənarda qalıb. Ailəsi paytaxtdan uzaqda olduğu üçün onu görmə məhdudiyətli uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəbə də yazdıra bilməyiblər. Buna görə kimsəni qınamasa da cəmiyyətə mesajını çatdırmağa çalışdı:
“İnsan öz başının çarəsinə baxmağı bacarmalıdı. İstər məhdudiyyətli olsun, istər olmasın. Mən uşaq vaxtı bizim üçün xüsusi məktəbin olmasından xəbərsiz olmuşam. Məlumat alanda isə artıq çox gec idi. Ancaq təhsil almağı çox istərdim. Düşünürəm ki, valideynlər bu məsələdə daha çox həssas olmalıdırlar. Fiziki məhdudiyyətləri olan övladlarını cəmiyyət təcrid etməməli, onlara öz ayaqlarıü stə dayanmağı öyrətməlidirlər”.
 
2012-ci ildə dayısı Mehraca türk sazı düzəldərək hədiyyə edib. Türk saz havalarına, türkülərə böyük marağı olduğunu deyir. Yeni aləti əldə etdikdən sonra da türk mahnılarını, bağlamanı öyrənib. Türküləri çox gözəl ifa edir.
 
Bu istedadı Mehracı müxtəlif yarışmalara gətirib. Hətta erməniləri susdurmağa da nail olub. 2015-ci ildən televiziya kanallarında keçirilən yarışmalara qatılıb. “Sənin ulduzun” yarışmasında 2-ci yerə layiq görülüb. 2019-ci ildə Gürcüstanda keçirilən beynəlxalq musiqi festivalına qatılıb. Azərbaycanı təmsil edən komanda o zaman birinci yerə layiq görülüb. Şəxsi yarımda isə Mehrac məhz “Sarı gəlin” mahnısı ilə 3-cü yerin qalibi olub.
 
“O yarışmaya ermənilər də qatılmışdı. Proqram açıqlananda bəlli oldu ki, onlar “Sarı gəlin” mahnısını oxuyacaqlar. Təbii ki, öz mahnıları kimi təqdim etmək istəyirdilər. Ancaq çıxış etmək üçün bizim növbəmiz onlardan öncə idi. Mən və digər komanda yoldaşlarımın çıxışları da əvvəldən planlaşdırılmışdı. Ancaq mən səhnəyə çıxdım və proqramı dəyişərək “Sarı gəlin”ni ifa etdim. Böyük maraqla qarşılandı. Bundan sonra ermənilər məcburən mahnılarını dəyişdirdilər. Mən də həmin mahnıma görə 3-cü makafata layiq görüldüm”.
 
Ukraynada keçirilən “Sərhədsiz dünya” festivalında digər həmkarı ilə Azərbaycanı təmsil edib və 10-a yaxın ölkə arasında birinciliyi qazanıblar. Hazırda M.Dünyamalıyev Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. Eyni zamanda Türkiyədəki həmkarları ilə sıx əlaqələri var.
 
Söhbət əsnasında gələcək planlarından da danışdı Mehrac. Hazırda Türkiyədə yaşayan görmə məhdudiyyəli insanlarla bir araya gəlmək üçün birgə layihə üzərində də çalışır. Görüşün 2-22-ci ilin mayda təşkil edilməsi palnalşdırılır. Öncə Türkiyədə olan məhdudiyyətli gənclərin Bakıya səfəri nəzərdə tutulub. Sonra isə azərbaycanlıların qardaş ölkəyə səfəri olacaq. Birgə sənət gecələri təşkil olunacaq, fikir mübadiləsi aparılacaq: “Evdən çıxa bilməyən məhdudiyyətli insanlara ruh vermək istəyirik. Onlar bu tədbiri gördükdən sonra daha çox həyata bağlanmağı öyrənsinlər”.
 
Mehrac eyni zamanda sosial şəbəkələr üzərindən tanınmağa çalışır. “Youtube”da xüsusi səhifəsi mövcuddur. Türkülərini orada paylaşır. Kiyayət qədər izləyicisi olsa da mahnılarını daha çox insana çatmasını arzu edir. Eyni zamanda türküləri, milli aşıq mahnılarını şagirdlərinə də öyrədir.
 

Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Paylaş
Oxşar xəbərlər