Azərbaycan və İran Prezidentləri İran mediasına müsahibə verdilər - VİDEO

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı.
 
QHT.az xəbər verir ki, sazişin imzalanmasından sonra dövlət başçıları İranın kütləvi informasiya vasitələrinə müsahibə verdilər.
 
 
Prezident İlham Əliyev: Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir.
 
Müxbir: Bir sənəd imzalandı, o barədə nə deyərdiniz?
 
Prezident İlham Əliyev: Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var. Sağ olun.
 
Müxbir: Cənab Prezident, yorulmayasınız. Bu gün müsəlman ölkəsi Azərbaycanla Sizin danışıqlarınız baş tutub. Danışıqlar barədə nə deyə bilərsiniz?
 
Prezident Seyid İbrahim Rəisi: Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir.
 
Müxbir: Təşəkkür edirəm.

 


Paylaş
Oxşar xəbərlər