QHT sədri: Qazaxıstanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur

Qazaxıstanda baş verən iğtişaşlar kütləvi hal aldıqca, hədisələrlə bağlı videolar daha çox sayda  sosial şəbəkələrdə yayılmağa başlayır. Belə videolara, demək olar ki,  bütün sosial şəbəkələrdə rast gəlinir. Bir çox kanallar həmin yerdən canlı bağlantılar edirlər. Sosial şəbəkələrin bu imkanlarından müasir dövrdə baş verən inqlablarda geniş istifadə edilib.

Təəssüflər olsun ki, belə videolardan bizim ölkəmizdə təxribatçı məqsədlər üçün istifadə edənlərə də rast gəlinir. Sosial şəbəkələrin bəzi seqmentlərində Qazaxıstanda baş verən hadisələrlə bağlı videoları güya Bakıda baş verən iğtişaş kimi təqdim edib, əhalini itaətsizliyə səsləyirlər.

“Gənclik”də T.Bəhramov adına stadionda keçirilən futbol oyunundan sonra çəkilən bir videonu, güya Qazaxıstandan sonra Bakıda da vəziyyət pisləşib, əhali qalxıb kimi təqdim edirlər. Bu tip videoları əyalətdə yaşayan rayon sakinlərinə məqsədli şəkildə göndərərək, onları paytaxta səsləyirlər. Bir çox vətəndaşlarımız isə bu görüntülərə inanaraq bu yöndə təbliğat aparır.

Bu cür təxribatların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı -Xəbər”ə bildirdi ki, bu çox təhlükəli tendensiyadan xəbər verir: “Belə videolara mən də çox rast gəlirəm. Təsəvvür edin ki, prosesləri dərindən analiz etməyi bacarmayan sadə rayon adamı ona inanır. Mənim özümə rayonlardan çoxlu sayda zənglər gəlib. Bakıda vəziyyətin hansı səviyyədə olduğu ilə maraqlanırlar. Bilirsiniz ki, ölkələrə təzyiq etməyin ən müasir üsulları hibrid alətlərdi. Son inqlablarda bundan geniş istifadə ediblər. Qazaxıstandakı proseslərdə də sosial şəbəkələrin imkanından geniş istifadə edirlər. Bizim ölkəyə aid radikal dairələr də belə iyrənçliklərə əl atır. Həmin təsirli videolarla manipulyasiya edib, xalqı kütləvi itaətsizliyə çağırırlar. Bu hallara qarşı həm hüquqi, həm də təbliğatı istiqamətdə ciddi addımlar atılmalıdır.

Sosial şəbəkələrdən istifadə edən bütün vətəndaşlarımız həmin videolardan şikayətlər etməlidir. Bunların təxribat olduğuna dair postlar paylaşılmalıdır. Bizim hüquq-mühafizə orqanlarının yaxşı texniki təminatı var. Həmin paylaşımları edənlərin İP-lərini müəyyən edib, sahiblərini məsuliyyətə cəlb etmək lazımdır. Mən güman edirəm ki, bunu edənlərin böyük əksəriyyəti xaricdəki söyüşçül blogerlərin tör-töküntüsüdür. Belə həssas məqamlarda ayıq-sayıqlığımızı qorumalıyıq. Qazaxıstanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bunun adı zorakılıq və vəhşilikdir. Belə halların heç bir ölkədə olmasını istəməzdim”.

Məhəmmədəli QƏRİBLİ


Paylaş