Yanlış doldurulmuş ödəniş tapşırığına görə 100 manat cərimə oluna bilərsiniz

Ödənişin təyinatında rekvizitləri göstərməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək
 
 
Alınan, habelə idxal edilən mal, iş və xidmətlərə, həmçinin borc və avans ödənişlərinə görə vergi ödəyiciləri tərəfindən aparılan köçürmələrin ödəniş tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlı vergi ödəyicilərinə tələb və bu tələbin pozulmasına görə maliyyə sanksiyası müəyyən edilib.
 
Dövlət Vergi Xidmətindən QHT.az-a verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.
 
Məcəlləyə edilmiş dəyişikliklərə əsasən bu ilin yanvarın birindən etibarən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunmalıdır.
 
Həmin məlumatlara ödənişin aid olduğu elektron qaimə-fakturanın seriyası və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə yük gömrük bəyannaməsinin və ya qısa idxal bəyannaməsinin seriyası və nömrəsi, xidmətlərin alışı ilə bağlı hesab-fakturanın (invoys) tarixi və nömrəsi, avans ödəmələrinə münasibətdə təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin tarixi və nömrəsi, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, borc ödəmələrinə münasibətdə təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin tarixi və nömrəsi və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi aiddir.
 
Qeyd olunan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Paylaş