QHT sədri: Son illər HİV-in ana bətnindən uşağa ötürülməsi halları artıb

Azərbaycanda homoseksual yolla yoluxmalarda artım: 9,6 faizə çatdı

Pandemiya başlayandan bəri HİV (AİDS) mövsusu gündəmdən çıxıb. Hazırda bu mövzuda heç bir statistika açıqlanmır. Azərbaycanda HİV/QİÇS ilə bağlı durum nə yerdədir? Koronavirus QİÇS-li xəstələrə necə təsir edir? Onlar bu xəstəliyi necə keçirirlər? Yoluxma və ölüm halları nə qədərdir?

QHT.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında “Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva deyib ki, HİV-li insanlar həssas qrup hesab olunur:

“Pandemiya başlayandan bəri HİV mövzusu daha vacib olub. Çünki HİV-li insanlar risk qrupu sayılır. Koronavirusa yoluxma baxımından da onlar həssas qrup sayılır. Eyni zamanda, HİV-in müalicəsində aparılan bəzi dərmanlar kombinə olunmuş formada koronavirusun müalicəsində isifadə olunub. 

2 pereparat var idi ki, koronavirusun ilk dönəmlərində müalicədə istifadə edilib. Bu baxımdan, HİV mövzusu heç vaxt gündəmdən çıxmayıb. Sadəcə, bizim ölkə üçün bəzi spesifik proseslər nüşahidə olunub. 

Pandemiyanın qapanma dövründə HİV-li insanların dərmanları qeyri-hökumət təşkilatları tərəfindən çatdırılıb”.

Zülfiyyə Mustafayevanın sözlərinə görə, son illər HİV-in ana bətnindən uşağa ötürülməsi halları artıb:

“HİV-in ana bətnindən uşağa ötürülməsi halları da artıb. Bu daha çox qorxuludur. 10 il öncə bu ötürülmə 0 faiz idi. 2021-ci il dekabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda ana bətnində anadan uşağa ötürülməsi 1,5 faizə qalxıb. Bu məyusedici bir faktdır. Qonşu ölkələrdə bu rəqəm 0-a bərabərdir. Yəni ana bətnində heç bir uşaq HİV-ə yoluxmur.

Anadan uşağa HİV-in ötürülməsinin artmasından biabırçı bir şey yoxdur. Uşağın virusla dünyaya gəlməsi rüsvayçılıqdır. Bunun qarşısını ala bilmirik. Hər bir şəraitin olduğu halda qarşısı alınmır. Hamilə qadınlar həkimə getmirlər. Yalnız UZİ-yə gedirlər ki, görək uşaq oğlandı, yoxsa qız...”

Z.Mustafayeva qeyd edib ki, HİV-li xəstələrdən yalnız 1-i koronavirusa yoluxub: “O da müalicə olunub. HİV-li insanların müəyyən bir hissəsi QİÇS mərhələsində olanda müxtəlif yanaşı xəstəliklərə yoluxurlar.

Ötən ilin dekabr ayına qədər 9208 nəfər HİV-li insan qeydiyyatda olub. İndi bu rəqəm dəyişə bilər. 1172 nəfər isə dünyasını dəyişib. 5 il bundan əvvələ qədər HİV-in ötürülmə yolları narkotikin venadaxili yolla istifadəsi idi. Lakin son illərdə hidroseksual yolla kişi-qadın münasibətləri yolu ilə HİV-ə yoluxanların sayı artıb. Bu bizim üçün çox böyük narahatçılıq doğurur. Keçən ilin 9 ayı ərzində 522 nəfər HİV-dən dünyasını dəyişib. Ondan 49 nəfəri homoseksual yolla, 377 nəfər isə heteroseksual yolla yoluxub. Homoseksual yolla yoluxmalarda artım müşahidə olunur. 5 il bundan qabaq 1,1 faiz idi. İndi 9,6 faizə çatıb. Bu transgender şəxslər arasında HİV-ə yoluxma hallarının artması ilə bağlıdır”.

Nəzrin Vahid


Paylaş