"Sosial layihələrin icrası daim cənab Prezidentin diqqət mərkəzindədir" - QHT sədri

“Prezident İlham Əliyev cənablarının yanvarın 12-də jurnalistlərə verdiyi müsahibəsi zamanı digər əhəmiyyətli mövzularla yanaşı, əhalinin, şəhid və qazi ailələrinin sosial-rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması, gücləndirilməsi ilə bağlı bir sıra mühüm layihələrin icra olunduğunu vurğulaması həm də belə bir reallığı təcəssüm etdirir ki, bütün bunların təməlində güclü dövlət, xalq-iqtidar vəhdəti, o cümlədən sarsılmaz Lider və vətəndaş birliyinin amalı dayanır”. Bu fikirləri SİA-ya "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış ictimaiyyətçi Gülayə Səfərova bildirib.

Onun sözlərinə görə, təkcə 2021-ci ilin sonunda yüz minləri əhatə edən mühüm sosial paket reallaşdırıldı və bu reallıqdan həm də belə nəticə hasil etmək olar ki, Prezident İlham Əliyevin apardığı uğurlu, qətiyyətli siyasətinin təməlində bilavasitə insan amili dayanır və bu xüsusda dövlət başçımızın vurğuladığı sosial sahəyə ayrıca - yəni xüsusi diqqət göstərilir: “Çox sevindirici və qürurverici bir haldır ki, həyata keçirilən sosial layihələr müxtəliflik təşkil etməsi ilə paralel olaraq bütün kateqoriyalı insanlara aid edilir. Yəni vətəndaşlarımızın əmək haqlarının, pensiya və təqaüdlərinin artırılmasından başlayaraq sosial obyektlərin yaradılmasına qədər, eləcə də şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə, qazilərimizə göstərilən diqqət və qayğı davamlı xarakter almaqdadır. Məhz uğurlu sosial paketlərin məntiqi nəticəsidir ki, dövlətimizdə nəhəng islahatlar aparılır. Bu, dövlət başçımızın da vurğuladığı kimi, həm də dünyaya, beynəlxalq aləmə təqdim edilən yeni və modern üslublara söykənən Azərbaycan modelidir. Onu da nəzərə alsaq ki, Azərbaycan bütün bu kimi uğurlara bilavasitə müharibə şəraitində nail olub, o zaman görülən işlərin gerçəkliyə çevrilməsinin həm də nə qədər çətin olduğunu deyə bilərik. Ölkə başçımız cənab İlham Əliyev öz sarsılmaz iradəsi, xalqının Ona olan tükənməz etibar və etimadı sayəsində qarşıda dayanan bütün çətinlikləri arxada qoyaraq dövlətimizi yalnız və yalnız irəliyə, uğurlara və qələbələrə doğru aparan alternativsiz Liderimizidir”.

“Təkcə təqdim edilən rəqəmlərə diqqət yetirsək, reallaşdırılan layihələrin nə qədər böyük və əhəmiyyət daşıdığını söyləyə bilərik”, deyə qeyd edən Gülayə Səfərova fikirlərini davam etdirərək bu cür şərh edib ki, həqiqətən də belə nəticələr digər başqa ölkələrdə müşahidə olunmamaqdadır: “Cənab Prezident bunu bir neçə dəfə təkrar etdi ki, həyata keçirilən təşəbbüslər bilavasitə Azərbaycana məxsusdur. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi, bu kateqoriyadan olan 10 minə yaxın insanların mənzillərlə təmin edilməsi, 7400-ə qədər minik avtomobillərinin verilməsi və s. bütün bunlar Prezident İlham Əliyevin şəxsi təşəbbüslərinin həqiqətə çevrildiyini sübut edən danılmaz faktorlardır. Baxın, ötən 2021-ci ildə Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib ki, onlardan 850 nəfəri mənzillərlə təmin olunublar. Həmçinin, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri də dövlətimizin, Prezidentimizin daimi diqqət mərkəzindədirlər - onlara isə 750 mənzil verilib və cari ildə də həmin prosesin davam etdiriləcəyi proqnozlaşdırılıb”.

QHT rəhbəri sonda Prezident İlham Əliyevin başladılan işlərin sona çatrıracağı ilə bağlı fikirlərini də xatırladıb: “Cənab Prezident xüsusilə vurğuladı ki, “Biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq”. Bəli, bu xalqına bağlı olan Liderin, Sərkərdənin, Prezidentin qiymətli və ölçüyəgəlməz qədər nəhəng, həm də həssas fikirləridir və söz yox ki, hər bir Azərbaycan vətəndaşı dövlətinin, rəhbərinin ətrafında daha da sıx birləşərək qarşıdakı qələbə və zəfərlərə doğru inamla addımlayacaq”, "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış ictimaiyyətçi Gülayə Səfərova vurğulayıb.

Rövşən RƏSULOV


Paylaş