Zorakılığın “qara qutusu”... 

Azərbaycanda “Məişət zorakılığı haqqında” Qanun 2010-cu ildə qəbul olunsa da, ötən 12 il ərzində baş verən hadisələr zorakılıqla mübarizədə qanundakı boşluqların hələ də manelər yaratdığını göstərir.

Mükəmməl qanun yaratmaq hələ mübarizə yollarının gücləndirilməsi deyil. Çünki hələ də “məişət zorakılığı” birləşməsi çoxunda “ailənin öz işidir, qarışmağa dəyməz” düşüncəsini ehtiva edir. Qonşuda qadın döyülürsə bu nəinki qohum- əqrəbanı, hətta ətrafdakı qonşuları narahat etməlidir. Tək ona görə yox ki, sabah həmin qadına edilən fiziki zorakılığa göz yumsaq daha ağır nəticə ilə, ölümlə qarşılaşa bilərik. Ona görə ki, çox halda aqressiyasını evdəkinə tətbiq edən, evdən kənarda da başqalarına hansısa formada zorakılıq etmək potensialına malikdir.

 

Zorakılığın “qara qutusu”

Mövzuya maraqlı bir təcrübə ilə başlamaq olar. Post-sovet ölkəsi olan Litvada məişət zoraılığı ilə mübarizədə cəmiyyətin fərdlərinin birgə iştirakı üçün maraqlı təşəbbüs həyata keçirilir. Belə ki, ərazi üzrə idarəetmə orqanlarında bələdiyyələrdə qara qutular yerləşdirilir, həmin qutulara hansısa zoraılıq görən, şahidlik edənlər anonim şəkildə məktub atırlar. Məktublar daim oxunur, ardınca lazımı tədbirlərin görülməsi ilə bağlı fəaliyyət həyata keçirilir. Əslində belə bir addım insanların hadisələrə kompleksdən kənar yanaşmaları üçün gözəl fürsətdir. Çünki Azərbaycanda da insanlar məişət zoraılığı ilə bağlı halları şikayət etmək istədikdə, ətrafdan “nəyinə lazımdır, özünü işə salırsan” qınağı ilə qarşılaşırlar. Səbəbsə, polis orqanlarına edilən müraciətlərdə vətəndaşın ad, soyadının tələb olunmasıdır. Azərbaycanda bu təcrübəyə artıq istinad edilib.

 

Pilot layihə kimi Sabunçu rayonu bələdiyyələrində belə qutular yerləşdirilib. İki ilə yaxındır, Avropa İttifaqının maliyyəsi ilə”Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinın və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerl səviyyədə istiqamətləndirmə mexanizmləri və imkanlarının gücləndirilməsi “ adlı tvinninq layihəsi keçirilir. Yenicə bitən layihənin əsas məqsədi müvafiq mövzu ilə bağlı Litva və Avstriya təcrübəsindən yararlanaraq, Azərbaycanda əldə olunan təcrübənin tətbiq olunmasına başlanmasıdır.

 

Layihə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin(AQUPDK) və bir neçə aidiyyatlı dövlət qurumlarının birgə səyi ilə həyata keçirilib və artıq nəticələr gözə dəyir. Tvinninq layihəsinin nəticələrdən danışan AQUPDK-ın hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, layihənin icra müddəti bitsə də, bu fəaliyyət üçün yeni başlancıqlar əldə etməyə nail olub. “Məişət zorakılığı haqqında” Qanunun boşluqları ilə bağlı həmişə müzakirə, təklüf və tövsiyələrimizi irəli sürmüşük.  Avropa standartları diqqətdə olub, bu dəfəki tvinninq layihəsinin nəticəsi daha məhsuldardır.

 

Burada məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi və qabaqlayıcı tədbirlər daha detallı fəaliyyəti nəzərdə tutur. Bu mövcud hadisə və vəziyyətlərdə riskinlərin qiymətləndirlməsi alətlərindən istifadə, məişət zorakılığı ilə bağlı məhkəmə işlərinə qədər və proseslərdə qaydaların önə çəkilməsidir. Həmçinin Komitənin rəsmi saytında da məişət zorakılığı ilə bağlı təhsil işçiləri, həkimlər, hakimlər, polis əməkdaşları, sosial işçilər və başqa kateqoriyalar üçün tövsiyələr nəzərdə tutulub. Həmin tövsiyələr beynəlxalq təcrübədə zorakılğa məruz qalan və zorakılığı törədənlə işləyənin davranış qaydalarına əsaslanıb. Zorakılığın müxtəlif formada –cinsi, iqtisadi, psixoloji, fiziki formaları nəzərə alınaraq hərkəsin mübarizədə iştirakı mütləqdir”, deyə İbrahimova vurğulayıb.

 

Zorakılıq edəni unutmayaq! Hər şey yaxşılığa doğru

Bu günədək müzakirə və mübarizədə daha çox məişət zorakılığına məruz qalan tərəflər diqqətə çəkilib. Sözsüz, onların vəziyyəti, həyati riskləri, aldığı psixoloji travmalar, əgər ortada uşaq varsa onun durumu barədə qərarlar verilib. Amma bu ildən etibarən zorakılığı törədən insanlarla da ciddi işlərin aparılması, kobud desək, onların tərbiyələndirilməsi üçün fəaliyyətə keçiləcək.

 

Psixoloq Zülfiyyə Sadıqovanın fikrincə, “məişət zorakılığı törətmiş şəxslərlə iş üzrə müdaxilə proqramı” beynəlxalq ekspertlər tərəfindən uyğunlaşdırılaraq tətbiq ediləcək. “Proqramın məqsədi zorakılıq törədən şəxsə zərərli davranışlardan imtina etməkdə dəstək verməkdir. Onun davranışlarının kökü təhlil olunacaq, səbəblər və nəticələrlərə şəxsin gözü ilə baxılacaq. Beynəlxalq təcrübələr göstərir ki, proqrama tabe olan, yaxşılığa doğri addımda hədəfi seçən zorakıların 40%-i artıq məişət zorakılığı törətmir”, psixoloq bildirib.

 

O, əlavə edib ki, əslində Nazirlər Kabinetinin müvafiq göstərişində zorakılıq törədənlərlərlə iş məsələsi var, amma bu məqam həmişə kölgədə qalıb. “Tvinninq layihəsinin nəticəsi olaraq  zorakılıq törədənlərlə iş proqramı 6 ay ərzində şəxslərlə 24 görüşü nəzərdə tutur. Pilot layihə kimi zorakılıq edən şəxslərin könüllü iştirakı mütləqdir.

 

Bu “dəyişmə” könüllü olmadan mümkün deyil, çünki şəxslər özü davranışlarının dəyişməsinə cəhd və iradə göstərməlidirlər.” Ümid edək ki, proqram  mövcud tabuların dağıdılmasını,  “döyən, söyən xasiyətini dəyişməz” deyimini dəyişəcək.

 

Kişi böhran mərkəzləri, bizim üçün real görünürmü?

Məişət zorakılığından danışanda gendər bərabərliyini qorumaq naminə bir məqamı da diqqətə çatdırmaq lazımdır. Belə ki, cəmiyyətdə qadınlara qarşı zorakılıq halları üstünlük təşkil etsə də, cüzi də olsa qarşı cinsin də zorakılığına dair müraciətlər var. 2021-ci il ərzində təkcə Dövlət Komitəsinin gender əsaslı zorakılıqla bağlı “860 Qaynar Xətt”inə 405 müraciət daxil olub ki, onlardan 42-si kişilər tərəfindən edilib. Maraqlıdır ki, komitənin daşıdığı adda “kişi” hüquqlarının müdafiəsi qeyd olunmasa da, hər halda qurum iki cinsin də haqlarının müdafiəsi üçün şikayətçiləri dinlədiyini bildirir.

 

Qeyd edim ki, Azərbaycanda zorakılığa məruz qalmış qurbanlar üçün bir neçə sığınacaq var. Ötən ildən Sosial Xidmətlər Agentliyi daha bir reablitasiya mərkəzinin açılmasına nail olub. 30 qadın qəbul edən mərkəzdən artıq 11 qadın dəstək sonrası normal həyatına qayıdıb. Bu barədə məlumatı Agentliyin departament rəhbəri Sara Ağayeva verib. Maraqlı məqam odur ki, gələcəkdə kişilər üçün də belə mərkəzlərin olması nəzərdə tutulur. Qazaxıstan və Litvada belə böhran mərkəzləri çoxdan fəaliyyət göstərir.

 

Məişət zorakılığı haqqında qanun yenidən yazılsın!

Azərbaycanda məişət zorakılığı ilə mübarizədə bir qrup QHT-nin fəaliyyəti danılmazdır. İllərdir, onların fikir və təklifləri nəzərə alınaraq dövlət qurumlarının diqqətinə çatdırılıb. Mövcud qanundakı dəyişiklərin mütləq olmasını isə ekspertlər dönə-dönə vurğulayırlar. "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri  Nailə İsmayılovanın sözlərinə görə, “Məişət zorakılığı haqqında “qanuna yenidən baxılmalıdır: “Ancaq bu dəyişmə ictimai müzakirə və ictimai rəyin öyrənilməsindən sionra edilməlidir. Misal üçün, bizə müraciət edən zorakılıq görən qadına mühafizə orderinin alınması üçün uzun prosedur nəzərdə tutulur. Rayon icra hakimiyyətləri tərəfindən veriln order bəzən gecikdirilir, bu isə ailə münaqişəsinin başqa, daha ağır hala keçməsinə səbəb ola bilir.”

 

“Təmiz Dünya”  Qadınlara Dəstək İB-nin rəhbəri Mehriban Zeynalova isə belə təklif edir: “ Mən, qərarverici orqan olsaydım, “Məişət zorakılığı haqqında” Qanunda nəzərdə tutulmuş mühafizə orderini təqdim edərkən, qərarı polisdən əlavə, psixoloqa göndərərdim. Psixoloq korreksiya işi ilə bərabər, rəy də versin ki, bu adamın ailəyə qayıdışı təhlükəlidir ya yox. Qısa müddətli mühafizə orderinin formal yox, təsirli olması üçün bu modelin tətbiqi çox effektif olardı.” Ekspertin fikrincə, "Məişət zorakılığı haqqında” Qanun” ləğv edilməlidir.

 

“Bir qanunun ki, müdafiə mexanizmi normal yoxdur nəyə gərəkdir. 2020-2023 cü illər üzrə Milli Fəaliyyət Planının “2.2.5. bəndində məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması nəzərdə tutulub. Qanunun təkmilləşməsi ilə bağlı az qala bir ilə yaxındır verilmiş təkliflərə niyə baxılmır? Millət vəkillərimiz zəhmət çəkib müzakirəyə başlasınlar. Biz bilmirik ki, zərərçəkmişi müdafiə edək yoxsa, ərlərin şər -böhtanından özümüzü qoruyaq. Yaxud, qanunda daha bir boşluq odur ki, anə zaman təqib və hədələr də zorakılıq kimi qiymətləndirilib, cəzalandırılacaq?”, M. Zeynalova  vurğulayıb.

 

Yeri gəlmişkən bildirək ki, rəsmi statistikaya görə, 2021-ci ilin 9 ayı ərzində zorakılıq qurbanalarına 73 mühafizə orderi verilib. Onlardan 4-ü uzunmüddətli(180 gün), 69-u isə qısamüddətli(30 gün) olub. Ötən illərlə müqayisə aparsaq, 2020-ci ildə zərərçəkmişlərə 40, 2019-cu ildə isə 19 mühafizə orderi verilib. Bu rəqəmlərdəki artım münaqişəli ailələrin çoxalması yox, mühafizə orderinin vaxtında əldə edilməsini göstərir.


Paylaş