MQF-nin Elm və Təhsil Mərkəzinin direktoru  Leyla Gərayzadə vəfat edib

Azərbaycan Milli QHT Forumunun (MQF) Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər Anaları” Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Leyla Gərayzadə vəfat edib.

 

Bu barədə QHT.az saytına MQF-dən məlumat verilib.

 

Leyla Gərayzadə 2008-ci ildən MQF-də idarə heyətinin üzvü, Elm və Təhsil Mərkəzinin direktoru olmuşdur. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, Azərbaycanda və eləcə də bir çox xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və digər beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanı yüksək elmi-siyasi bacarığı təmsil etmişdir. Üzərinə düşən bütün vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla o, çalışdığı sahələrdə həmişə layiqincə unudulmaz iz qoymuşdur. 

 

1990-cı illərin əvvəllərində respublikada baş verən mürəkkəb siyasi proseslər zamanı Leyla Gərayzadə öz həqiqi vətəndaşlıq borcunu yerinə yetirərək  milli mənafelərə sədaqət nümayiş etdirmiş, müharibə zamanı öz torpaqlarını tərk etmək məcburiyyətində olan məcburi köçkünlərin daima yanında olmuş, onlarla maarifləndirici söhbətlər aparmış, beynəlxalq təşkilatların nümayəndələrinin diqqətini mövcud vəziyyətə yönəlməyə çalışmışdır. MQF-də olduğu müddətdə mütamadi olaraq təmas xəttində yerləşən hərbi hissələrdə olmuş, əsgərlər arasında hərbi vətənpərvərlik mövzusunda çıxışlar etmiş, söhbətlər aparmışdır.

 

Leyla Gərayzadə 1947-ci il martın 1-də Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində anadan olub. 1964-1971-ci illərdə BDU-nun Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. 1985-1988-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasının dissertantı olub. 1989-cu ildə “Sergey Vasilyev və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Leyla Gərayzadə 2003-cü ildə dosent, 2011-ci ildə “Milli və ümumbəşəri amillər Azərbaycan və Orta Asiyanın rusdilli yazıçılarının yaradıcılığında” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1973-1979-cu illərdə BDU-nun Təbiət fakültələri üzrə Rus dili kafedrasında müəllim (saat üzrə ödəniş şərtləri əsasında), 1979-1994-cü illərdə BDU-nun Humanitar fakültələr üzrə Rus dili kafedrasında baş laborant, müəllim və baş müəllim. 1994-2011-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasında dosent, 2013-2016-cı illərdə Rus ədəbiyyatı tarixi kafedrasında professor əvəzi, 2016-cı ildən Rus ədəbiyyatının tarixi kafedrasının professoru vəzifələrində çalışıb.

 

Leyla Gərayzadə elmi-pedaqoji fəaliyyəti dövründə 120-dən çox elmi məqalə, 10-dan çox kitab, metodik göstəriş və proqramın müəllifi olub.

 

Tanınmış ictimai xadim və alim, təvazökar və səmimi insan Leyla Gərayzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

 

 


Paylaş