QHT sədri: İslahatlar əlçatan, keyfiyyətli və məsuliyyətli səhiyyə xidmətlərinin göstərilməsi üçün yeni imkanlar yaradır

Yeni layihəyə əsasən Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin həcmi dəfələrlə artırılacaq.

 

Son illər ərzində iqtisadi irəliləyiş, ölkəmizin iqtisadi potensialının  artması fonunda səhiyyənin inkişafı əsas və vacib prioritetlərdən biri olub. 

Səhiyyə sahəsinə  hər il böyük həcmdə investisiyalar yatırılmış, bu sahəyə ayrılan büdcə vəsaiti dəfələrlə artırılıb. Ötən illər ərzində böyük əksəriyyəti respublikanın bölgәlәrində olan yüzlərlə tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilib, tibb müəssislərinin hamısı müasir texnika və avadanlıqla təchiz olunub. Amma etiraf edək ki, səhiyyənin idarəetmə mexanizmi və səhiyyənin səmərəli maliyyələşməsində müəyyən problemlər mövcud olmuşdur.

 

Bu fikirləri “İki sahil”ə açqlamasında Informasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyin sədri Cəsarət Hüseynzadə bildirib.

 

Təşkilat sədri qeyd edib ki, həmin problemlərin aradan qaldırılması üçün səhiyyə sistemində islahatlar aparmaqla icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılmışdır. 

 

“1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçirilib.  2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. 

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən elan edilən 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi ilə bağlı yeni layihə əhalinin sağlamlığının qorunması baxımdan çox vacib amildir. Yeni layihə çərçivəsində  Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər həcmi dəfələrlə artırılacaq.”  Eyni zamanda  koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki say 300), Endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması təklif olunur. Qeyd olunan məqamlar əhaliyə göstərilən səhiyyə xidmətlərin sayının xeyli və əhəmiyyətli sayda genişlənməsinə şərait yaradır.

 

Cəsarət Hüseynzadə bildirib ki,  ilkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifinin  artırılması keyfiyyətli və məsuliyyətli səhiyyə xidmətlərinin göstərilməsi üçün yeni imkanlar yaradır: “Keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi və səhiyyə sahəsində korrupsiya hallarının aradan qaldırmasında vacib mexanizmlərdən biri də tibb işçilərinin sosial problemlərinin həllinə dəstək və həkimlərin əmək haqlarının arıtırılmasıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif bu baxımdan əhəmiyyətlidir və hesab edirəm ki, bu təklif eyni zamanda ölkədə iqtisadi fəallığın artırmasına və vətəndaşların mənzil təminatına mühüm  töhfə verəcəkdir.”

 

QHT sədri vurğulayıb  ki, başqa bir təklif  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə  31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğin 1000 manata çatdırılması həkimlərin sosial müdafiəsinin güclənməsinə və gələcəkdə onların pensiya təminatına kifayət qədər müsbət təsir edəcək.

 

Yaqut Ağaşahqızı, “İki sahil”


Paylaş