Çətin anlar, çətin səhnələr, boğazımızda tıxanan qalan qəhər...

Mayın 12-də Bakı Konqres Mərkəzində “Köhnə çamadanlar” filminin qala gecəsi keçirildi. Təqdimata dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, ictimai xadimlər, Vətən müharibəsi qəhrəmanları və filmdə bəhs edilən hadisələrin şahidləri dəvət almışdılar.
 
İlk öncə qeyd edim ki, iştirakçıların qəbulu, zala keçməsi, hər bir şəxsin yerləşdirilməsi böyük diqqət və incə davranışla mükəmməl formada həyata keçirildi.
Filmin nümayişindən öncə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd etdi ki, “Köhnə çamadanlar” filmi yaşadığımız tarixin tərənnümüdür:
 
“Azərbaycan Birinci Qarabağ müharibəsində yalnız ərazilərini itirmədi, eyni zamanda, çoxlu ləyaqətli oğul və qızlarını itirdi, şəhidlər verdi, yaralanan əsgərlər, əlilliyi olanlar, dağılan talelər oldu. Film həmin ağrı-acını, keçmiş irsi bugünkü Zəfərlə birləşdirir. Prezident, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 günlük Zəfər tarixini yazdı və ölkəmizin ərazilərini işğaldan azad etməklə yanaşı, qırılmış taleləri dirçəltdi.”
 
Çətin anlar, çətin səhnələr, boğazımızda tıxanan qalan qəhər...
Film bizi təqribən 30 il geriyə apardı. Çətin anlar, çətin səhnələr, boğazımızda tıxanan qalan qəhər... Nələr yaşamışıq, nələr görmüşük. Bu gün tarixə çevrilən həmin səhnələri hadisə olaraq yaşamışıq, eyni ilə həmin hadisələrin ağrısını- acısını yaşamışıq. Hamıdan imdad diləmişik, lakin heç kimdən səs-səmir çıxmayıb. Bu tarixi biz yaşamışıq...
Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının taleyində buraxdığı ağrılı izləri tamaşaçıya çatdırır.
Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.
 
“Köhnə çamadanlar” filmin qələbə ruhunda bitməsi, 44 günlük zəfər müharibəsinin tərənnüm edilməsi filmin həyəcanını bir qədər də artıran və qürurlandıran səhnələrdəndir.
Mən və yüzlərlə digər tamaşaçı boğazınızda tıxanıb qalan qəhəri udquna bildik. Amma həyəcan və göz yaşları yenə var idi... Bu dəfə sevinc göz yaşları və qələbə həyəcanı. Hər dəfə tərənnüm edilən qələbəni eyni həyəcanla yaşayırıq. Bu filimdə də eyniliyə. Ayaqüstü alqışlarla, göz yaşları ilə və böyük minnətdarlıqla.
Bu minnətdarlıq Azərbaycan Əsgərinə, Ali Baş Komandana və Azərbaycan xalqına ünvalanmışdı.
 
Gördüklərini və yaşadıqlarını filimdə canlandıranlar
Vətəndaşlarımızın başına gətirilən olmazın müsibətlərin xalqımızın yaddaşında qalması üçün bədii əsərlərdə, filmlərdə və müxtəlif sənət əsərlərində yer alması çox vacibdir. Yaradılan hər bir əsər bir mənbədir. Bu mənbələr hər zaman bizə gərəkdir.
Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər tərəfdaş qurumların belə bir səhnə əsərinə dəstək olmaları çox yaxşı nümunədir.
Xüsusi ilə filmin ərsəyə gəlməsində çoxtərəfli əməkdaşlığın qurulması nəticə etibarı ilə yüksək səviyyəli ekran əsərinin meydana gəlməsinə imkan yaratmışdır.
Nazir Sahil Babayevin də qeyd etdiyi kimi “Filmin ən önəmli istiqaməti və dəyəri ondan ibarətdir ki, burada əlilliyi olan Qarabağ döyüşçüləri aktyor kimi iştirak edir.”
Həmin aktyorlar illər öncə gördüklərini və yaşadıqlarını bu filimdə canlandırdılar.
 
Cəsarət Hüseynzadə,
İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri
 
Təqdimata vətəndaş cəmiyyəti nümayənələrinin də dəvət olunmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Sosial Xidmətlər Agentliyinə təşəkkür edirik!

Paylaş