Millət vəkili: E-nəzarət platformasının işi cəmiyyət üçün faydalıdır

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) tərəfindən təşkil olunmuş “E-nəzarət platformasının 1 illik fəaliyyəti” adlı tədbirdə iştirak etdim. Belə bir tədbirdə iştirak mənim üçün çox xoş oldu, çünki bu platforma ictimai bir təşəbbüsdür və cəmi 1 il keçsə də ortaya real iş qoyulub.
Bunu QHT.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
 
Deputat bildirib ki, E-nəzarət platformasının işi cəmiyyət üçün faydalıdır və mən sevinirəm ki, bu gün çox sayda dövlət orqanları platforma ilə əməkdaşlıq edir və aktiv şəkildə vətəndaşların müraciətlərini həll edirlər.
Ümumiyyətlə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi və rifahı dayanır. Xalqımız da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında möhkəm birlik yaradıb və bu birlik Vətən müharibəsi zamanı tarixi zəfər qazanmağımızda əsas amillərdən biri idi.
 
“Bu baxımdan e-nəzarət platformasının işini yüksək qiymətləndirirəm və ümid edirəm ki, bu əməkdaşlıq belə uğurlu formada hələ uzun illər davam edəcəkdir.
Vətəndaş-dövlət münasibətlərinin gücləndirilməsində dövlət orqanlarımız olduqca fəaldır. Belə ki, dövlət qurumları internet səhifələr yaradır, qaynar xətlər mövcuddur, eyni zamanda dövlət qurumları nəzdində ictimaiyyət nümayəndələrindən ibarət İctimai Şuralar yaradılır. Bütün bu səylərin bir məqsədi var: dövlətimizin inkişafına dəstək olmaq və vətəndaşımıza daha yaxşı xidmət etmək. E-nəzarət platformasının yaradılması zamanın tələbidir, getdikcə bütün sahələrdə elektronlaşma gedir və vətəndaş-dövlət münasibətləri yeni formatlara daşınır.”
 
Fatma Yıldırım qeyd edib ki, bu prosesi maliyyə baxımında dəstəkləyən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm. “Platformanı uğurlu edən e-nəzarət komandasına, müraciətləri göndərərək aktivlik göstərən vətəndaşlarımıza, prosesə məlumat dəstəyi verən KİV nümayəndələrinə və ən əsası vətəndaşın müraciətini operativ həll edən bütün dövlət orqanlarına təşəkkür edirəm və işlərində uğurlar arzulayıram.”
 
 
 
 

Paylaş