Azərbaycan zəngin mədəniyyətə malik ölkədir - QHT sədri

Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olmuşdur.  Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf etmiş və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə heyran olmuşlar. 

 Azərbaycanın bir çox mədəniyyət nümunələri hazırda dünya muzeylərini bəzəməkdədir. 

 

Ulu öndər Heydər Əliyev çıxışlarının birində ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edərək demişdir: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. 

 

Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur ”.

 

Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətində muğam sənətinin rolundan, xalqımızın muğam sənətinə sevgisindən bəhs edərək demişdir: “Muğam Azərbaycanın milli sərvətidir.

 

 Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır.

 

 Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir.

 

 Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. 

 

Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. 

 

Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq Muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir”.

 

Məlumdur ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və inkişaf etdirilərək dünyaya tanıdılması sahəsində çox böyük işlər görmüşdür.

 

 Hələ 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 məşhur muğam ustadının ifalarından ibarət “Qarabağ xanəndələri” adlı zəngin musiqi albomu hazırlanıb təqdim edilmişdir. Sonra bu layihənin davamı kimi, 2008-ci ildə “Muğam ensiklopediyası” hazırlanıb nəşr edilmişdir. 

 

Bu isə mütəxəssislər tərəfindən xalqımızın qədim musiqi irsinin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilmişdir.

 

Muğam mədəniyyətimizin qorunması və təbliği sahəsində möhtəşəm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun növbəti uğurlu layihələrindən biri də “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir ki, bu da muğamsevərlər üçün ən gözəl tədris vəsaitidir. Qeyd edək ki, 8 diski əhatə edən “Azərbaycan muğamı” multimedia toplusunda muğamın mənşəyi, növləri, eyni zamanda quruluşu və kompozisiya xüsusiyyətləri toplanmışdır. 

 

“Muğam aləmi” adlanan toplu Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda keçirilən Beynəlxalq Muğam festivalına həsr edilmişdir.

 

 Maraqlı cəhət odur ki, “ Muğam aləmi” toplusuna klassik Azərbaycan muğamlarını, simfonik muğamları, Azərbaycan muğam operalarını, eyni zamanda tanınmış xarici musiqiçilərin çıxışlarını və etnocaz nümunələrini əhatə edən 33 DVD yerləşdirilib.

 

 Buradan göründüyü kimi, Azərbaycan muğamlarının təbliği ilə bağlı çox işlər görülmüşdür.

 

 Azərbaycan mədəniyyətinin inkişafında muğam sənətinin yeri və rolundan bəhs edən Mehriban xanım Əliyeva demişdir: “ Muğam sənəti, muğam bütün dövrlərdə ölkəmizdə yaşayıb, səslənib, duyulub və sevilib.

 

 Siyasi, ictimai və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq muğam sənəti öz xüsusi yerini qoruyub saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin yaşamasında, nəsildən-nəslə, ustaddan tələbəyə, müəllimdən şagirdə, ağsaqqaldan gəncə çatdırılan sənətkarlıq, ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, canlı ünsiyyət lazımdır.

 

 Belə bir mürəkkəb prosesdə, təbii ki, heç bir kitab, ya dərslik, ya videoyazı, audioyazı canlı təması əvəz edə bilməz.

 

 Məhz bu canlı ənənə əsrlər boyu bizim məşhur xanəndələrimiz və ustadlarımız tərəfindən qorunub saxlanılıb və yaşadılıb. Bu ənənələr bu gün də yaşadılır və mən bizim bütün ustadlarımıza, xanəndələrimizə bir daha öz dərin hörmətimi və təşəkkürümü bildirmək istəyirəm ”.

 

Büllur Məmmədova


Paylaş