Günel Səfərova: Əgər tənqid varsa, demək iş var

Bizim Vətən sevgimiz sorğulana bilməz.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi qrant müsabiqəsinin nəticələrindən razı qalanlar da oldu, qalmayanlar da. Bu da, əsasən insan psixologiyasıından, şəxsi və korporativ maraqlardan, lap elə Şuşaya olan sevgidən qaynaqlandığı üçün, hesab edirəm ki, təbii qəbul olunmalıdır. Amma hər şey əndazəsində gözəl görünür. Hətta sevgi də…

Daha öncədən də hər kəsə bəlli idi ki, müsabiqəyə təqdim olunan layihələr bir neçə mərhələdən, ələmədən keçəcək, diqqətlə öyrənilərək qiymətləndiriləcək. Qiymətləndirənlərin isə Vətənə olan sevgilərinin, peşəkarlıqlarının xüsusi təqdimata, zənnimcə ehtiyacları yoxdur.

Bu baxımdan, müsabiqənin nəticələrini tənqid, yaxud təqdir etmək əvəzinə kimlərisə hədəfə almaq “niyə burda da mən yoxam?” kimi başa düşülür. Hər yerdə olmaq istəyənlər bir az da irəli gedib Müşahidə Şurasını ədalətsizlikdə qınayanda çoxlu suallar yaranır. Bəziləri o suallara cavab verə bilərmi?

Şəxsən mən Agentliyin heç bir qrant müsabiqəsində iştirak etmirəm, maliyyə də almıram. Layihələri də, iradları da təkrar oxudum. "Təqdim olunan və qiymətləndirilməyən layihələrin hamısı pisdir" demək olmaz. Müşahidə Şurasındakı fikirlərimi burda səsləndirmək istəmirəm. Amma, əgər tənqid varsa, demək iş var. O iş QHT sektorunun inkişafına xidmət edir, pul xatirinə təşkilat yaratmağa yox.

Hə, onu da deyim ki, Şuşa Azərbaycandır və bizim Vətən sevgimiz sorğulana bilməz.

P.S. Mən bu məsələdə normal tənqidlər də oxudum, təmənnasız qeydlər də. Fikrimcə, Müşahidə Şurası olaraq bunu diqqətdə saxlamalıyıq.

Günel SƏFƏROVA,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü


Paylaş