Həbsxanalarda ilkin səhiyyə xidməti modellərinin tətbiqi və genişləndirilməsi istiqamətində müzakirələr aparılıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində Həbsxanalarda Sağlamlığa dair 1-ci Ümumdünya Konfransı keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində səhiyyə nazirinin müavini İlqar Qasımov, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin əməkdaşları iştirak edib.

Konfrans səhiyyə menecerlərinin, alimlərin və cəzaçəkmə yerlərində çalışan səhiyyə işçilərinin öz təcrübələrini, çətinliklərini, öyrəndikləri dərsləri, elmi-tədqiqatları bölüşmək və bütövlükdə qarşılıqlı yardım göstərmək üçün platforma təqdim etmək məqsədilə keçirilib.

Konfransda vərəmə qarşı mübarizə modelinin necə hazırlanması, ilkin səhiyyə xidməti modellərinin həbsxanalarda tətbiqi və genişləndirilməsi, həbsxanalarda vərəmə qarşı mübarizədə əldə edilən nailiyyətlərin bütün ölkə üzrə necə genişləndirilməsi və s. mövzularda geniş məruzələr dinlənilib və həmin istiqamətlər üzrə müzakirələr aparılıb.


Paylaş