Əliməmməd Nuriyev: DİN yanında ictimai şuranın  nümunəvi bünövrəsini qoymaq istəyirik

Ölkədə mövcud ictimai şuraların işi ilə tanışlıq layihəmizin qonağı Daxili İşlər Nazirliyi yanında ictimai şuranın sədri Əliməmməd Nuriyevdir.

Əliməmməd Nuriyev “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti və  DİN  yanında ictimai şura rəhbəridir. 


- Əliməmməd müəllim, Rəhbərlik etdiyiniz şuranın fəaliyyəti nə yerdədir?
- Bir ilə yaxındır ki, DİN yanında ictimai şura fəaliyyət göstərir. Şuranın 15 nəfər üzvü var. Şəffaf seçki nəticəsində seçilmiş üzvlər bu vaxta qədər xidmətləri olmuş, cəmiyyətdə öz fəaliyyətlərini açıq şəkildə  göstərə bilmiş insanlardır. İlk işimiz ictimai dinləmələr yolu ilə insanların maraqlarını öyrənmək oldu. Onu vurğulayım ki, şura yarananda şurada etik davranışlarla bağlı qərar qəbul etdik. Əsas qərar ondan ibarət oldu ki, şura olaraq DİN-in tender və qrant müsabiqələrində iştirak etməyəcəyik, bu maraqların toqquşması səbəbindən və müstəqilliyimizin qorunması üçün vacib amil idi.

 

Hazırda DİN 32 fəaliyyət istiqaməti üzrə işləyir, həmçinin çoxsaylı vəzifələri var. Şurada əvvəldən daxili strukturuna uyğun monitorinq qrupları yaratmışıq. Qruplardan biri polis idarələrində saxlama yerlərinə nəzarətlə bağlı monitorinqdir. Artıq Bakı şəhərində iki idarə üzrə monitorinq keçirmişik. Bu barədə yekun rəylərimizi hazırlamışıq. Bütün ölkəni əhatə edəcək monitorinqlər davam etdiriləcək. Daha sonra yol hərəkəti, yol polisinin xidmətinin monitorinqi də vacib məsələdir. Əsas işimiz isə vətəndaş müraciətlərinin ayırd edilməsi, haqlı və haqsız şikayətlərə cavab verilməsidir. Düşünürəm ki, DİN rəhbərliyi və müvafiq şöbələrlə əlçatan əməkdaşlığa nail olmuşuq, məsul şəxslərlə gözəl kommunikasiya yaratmışıq.

 

 Kommunikasiyanın daha da təkminləşdirilməsi zərurətini duyuruq. 
Cənab nazirlə görüşümüz də olub, o da bizə tam dəstək verdiyini bildirib. Nazirin belə bir göstərişi var ki, ictimai şuradan gələn bütün müraciətlər birbaşa ona təqdim olunsun. Bu da bizi sevindirir. Çünki iş və problemlər çoxdur. Hazırda ölkəyə kənardan təhdidlər olduğu vəziyyətdəyik, istər dini qruplaşmaların cəhdləri, istərsə də siyasi mənada  ölkə daxilində bir çox məsələlər var.

Qarşıda mötəbər və ölkə üçün vacib tədbirlərimiz nəzərdə tutulur.  Əsas mübarizə edəcəyimiz prioritet məsələ  narkotik maddələrə qarşı mübarizədir. Bununla bağlı ictimai dinləmələr keçirəcəyik. Bu məsələlər tək nazirliyin işi deyil, hər kəs mübarizədə birləşməlidir. Cənub qonşumuzun “aktivliyi” nəticəsində sintetik narkotiklərin Azərbaycana daxil olması bütün cəhdlərlə alınır, amma yenə də təhdidlər var. 


Bizim bir işimiz də DİN-də işləmək üçün təşviqatın aparılması, tədris müəssisəsinə cəlb olunmanı artırmaq, qazilərin qanun və standartlar  çərçivəsində işlə təminatı məsələləridir. Bu gün  84 % cinayətlərin açılması ondan xəbər verir ki, hazırda bu sahə inkişaf edir və bu məsələdə bizim işimiz dəstək verməkdir. Problemlərin və müraciətlərin sadə yox, dəlil və faktlarla təqdimatı isə vacibdir.

 

- İctimai şuraların nüfuzunu necə artırmaq olar?
-Bizim əsas məqsədimiz ictimai şura modelinin üstünlüyünü göstərməkdir. Əgər hansısa institut işləmirsə, bu vətəndaşlar arasında, cəmiyyətdə ümidsizlik yaradır. Dövlət orqanına etibarın qazanılmasında ictimai şura rol oynayır.

Biz dövlət orqanını müdafiə etmirik, onun işini göstərməkdə şəffaflığa dayanırıq. Vahid dəyər zəncirinə nail olmaq, şuralarda əməkdaşlıq vacibdir. İctimai şuraların resurslara əlçatanlığı olmalıdır. Özəl sektor vətəndaş cəmiyyətinə dəstək verməlidir. Şuraların katibliyi olmalıdır, əldə olan sənədlərin toplanması, hesabatların təqdimatı üçün bu vacibdir. Bu ona görə lazımdır ki, ictimai şuranın gördüyü işləri ictimaiyyətə çatdıraq.
 
DİN yanında ictimai şuranın öz adımıza uyğun nümunəvi bünövrəsini qoymaq istəyirik. 

İctimai şura üzvləri bəzən üzərinə düşən məsuliyyətini bilmir, bu səbəbdən üzvlər üzərində şəxsi cavabdehliyi gücləndirmək lazımdır. Çünki təcrübəmizdə belə üzvlərlə qarşılaşmışıq.

İctimai şuraların sədrlərinin koordinasiya şurası yaradılmalıdır. İctimai şuraların hazırkı fəaliyyətini hələ ki, qənaətbəxş hesab etmək olmur. Amma zamanla şuraların özünün vahid sistemini yaratmaq və ümumi problemləri birgə təqdim etmək lazımdır.
Ölkə rəhbəri hər dəfə ictimai nəzarətin gücləndirilməsi çağırışını edir, amma hələlik proses ləng gedir, bu prosesi sürətləndirmək üçün hər birimizin üzərinə məsuliyyət düşür.


- Əliməmməd müəllim, qanunvericiliklə bağlı dəyişikliklər gözlənilir, siz bu sahədə əvvəlki kimi aktivlik göstərirsiniz. Nələr dəyişəcək?
- “Konstitusiya” Araşdırmalar Fondu olaraq dərinləşmiş müsahibələr aparmışıq, ictimai rəy sorğu öyrənilib, ictimai şuralarda gənclərin iştirakı, gender, ixtisaslaşma  məsələlərini nəzərdən keçirmişik. Hətta bizim toplantılar yüksək dövlət qurumlarının iştirakı ilə oldu. Məqsədimiz odur ki, yeni qanunvericiliklə bağlı təklifləri verək. İki illik şura fəaliyyətini uzatmaq lazımdır. Bu 3 və ya 4 il ola bilər. Çünki 2 il ərzində şura ictimaiyyətə istədiyini vermək üçün zaman qıtlığı yaşayır. Vətəndaşlarla əlaqə əsas məsələdir. Üç il bütün hallarda kifayətdir. Vətəndaş cəmiyyətinin üzvləri ilə görüş sonrası belə nəticəyə gəlmək olur ki, hər kəs müddətin uzadılması tərəfdarıdır. 

İctimai Şura üzvlərinin seçildiyi sahə üzrə bilik və bacarıqları ilə bağlı problemlər də var. Düşünürəm ki, bir azdan hər kəs təmsil edəcəyi sektor üzrə gedəcək, ixtisaslaşmalar olacaq və şuraya can atan da bu qədər olmayacaq.

İlkin mərhələdə bu mənada təsadüfi adamlar seçildi. 
Sonuncu seçki prosesindən qabaq dövlət qurumları istədiyi şəxslərin seçilməsinə cəhd göstərirdi, amma bugünki ictimai şuralara üzvlərin seçimində şəffaflığı vurğulamaq lazımdır. Bərabər, ədalətli seçkilərlə bağlı heç kəs mənfi nə isə deyə bilməz, nəticələrdən narazı olanlar var, bu da təbiidir. Etiraf edirəm, təmənna ilə şuraya cəhd edənlər də var, amma bütün hallarda şuranın fəaliyyəti də rəqabət amilinə dayanır. Bir az səbirlə prosesin irəliləməsini gözləmək lazımdır. 


Hazırda ölkədə 38 mərkəzi icra hakimiyyəti (nazirlik, komitə) orqanı, 40-a yaxın publik hüquqi şəxs qismində qurum və 80 yerli icra hakimiyyəti orqanı var. Nəzərə alsaq ki, hər ictimai şurada təqribən 5-15 üzv olur. Bu baxımdan VCT-lərin təmsilçiliyi üçün kifayət qədər imkanların olduğunu deyə bilərik.

Fotolar


Paylaş