QHT “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlayıb

“Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Əlil Təşkilatları İttifaqı “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılmışdır.

Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 - ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir. 

Bu məqsədə nail olmaq üçün Şuşa şəhərində infrastrukturun layihələndirilməsinin, tikinti-bərpa işlərinin monitorinqləri aparılacaq, müvafiq ərazilərin layihə-smeta sənədlərində nəzərə alınmaq üçün təkliflər hazırlanacaq, işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki”, “Universal Dizayn və Müyəssərlik” mövzularında seminar-təlimləri keçiriləcəkdir. 

Layihə çərçivəsində eyni zamanda Şuşa şəhərində bir otelə, tarixi abidələrə, ictimai binalara və qurumlara çıxışın müyəssərliyinin təmin olunması, ictimai istifadə üçün müyəssər komunal sahənin (modul tipli sanitariya  qovşağı və duş) hazırlanması və quraşdırılması işləri görüləcəkdir.

Bunlarla yanaşı Şuşa şəhəri üzrə müyəssərlik xəritəsinin hazırlanması, nəşr, KİV-lərdə məlumatların yayımlanması fəaliyyətləri yerinə yetiriləcəkdir. 
Fəaliyyətlərin icrası zamanı Suşa Şəhər Dövlət Qoruğu İdarəsi, İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC - ilə əməkdaşlıq olunacaqdır.


Paylaş