“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın yekun tədbiri keçirilib - FOTO

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” nın yekun tədbiri keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.

QHT.az AZƏRTAC-ın bölgə müxbirinə əsasən xəbər verir ki, yekun tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 3 gün ərzində davam edən təlimlərin qeyri-hökumət təşkilatlarının layihələrinin hazırlanması istiqamətində peşəkarlıq səviyyəsinin artırılmasına və beynəlxalq donorlarla əməkdaşlıq imkanlarının genişləndirməsinə töhfə verəcəyini bildirib. Agentlik bu mövzuda təlimlərin gələcəkdə də davamlı olmasını təmin edəcək.

Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” uğurla yekunlaşıb.

A.Əliyeva proqramı uğurla bitirən bütün iştirakçıları təbrik edib və bu mövzuda hazırlanan təlimlərin gələcəkdə regionların ehtiyaclarını nəzərə alınmaqla davam edəcəyini bildirib.

Çıxış edən təlimçilər- ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov aparılan təlimlərin proqramı haqqında və iştirakçıların bu prosesdə öyrəndikləri ilə bağlı fikirlərini bölüşüblər.

Eyni zamanda, təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək qeyd ediblər ki, proqram çərçivəsində əldə etdikləri biliklər və təcrübə onların gələcək işlərinə böyük təkan verəcək.

Çıxışlardan sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


Paylaş