Azərbaycanda gender bərabərliyi bütün sahələrdə qorunurmu?


Azərbaycanda gender bərabərliyi bütün sahələrdə qorunurmu?

Cəmiyyətin bütün təbəqələrinin demokratik inkişaf prosesində iştirakı təmin edilmədən dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Bu baxımdan, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. 

Baxmayaraq ki, dünya əhalisinin yarısını qadınlar təşkil edir, onlar  siyasətdə, hökumətlərdə və qərarların qəbulunda daha az iştirak edirlər. Təəssüf ki, dünyanın əksər ölkələrində qadınların ictimai-siyasi proseslərdə iştirakına mane olan, görünən və görünməyən sədlər mövcuddur. Qadınların ictimai-siyasi proseslərdə iştirakı və səlahiyyətləndirilməsi hazırda gender bərabərliyi ilə bağlı aktual diskursun əsas mövzusunг təşkil edir.


“Qlobal Gender Bərabərsizliyi 2022" hesabatında Azərbaycan 101-ci yeri bölüşüb


Dünya İqtisadi Forumunun “Qlobal Gender Bərabərsizliyi 2022" hesabatında Azərbaycan 101-ci yeri bölüşüb. Qeyd edək ki, Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir: iqtisadi iştiraklılıq və fürsət; təhsil səviyyəsi; sağlamlıq; siyasi səlahiyyət. Artıq 12-ci dəfədir İslandiya dünyada gender bərabərliyinə görə birinci yeri tutur. Ondan sonra Finlandiya, Norveç, Yeni Zelandiya, İsveç, və digər ölkələr  gəlir.

Hesabatın əhatələdiyi ölkələrin hamısında sağlamlıq üzrə gender bərabərsizliyinin azı 93 faiz qapandığı, 56 ölkənin bu sahədə tam bərabərliyə nail olduğu vurğulanır.  Bəs görəsən Azərbaycanda vəziyyət necədir? Niyə bu gün qadınlarımızın səlahiyyətləndirilməsi ilə bağlı  rəqəmlər  gender bərabərliyə deyil, bərabərsizliyinə işarə edir.  Baxmayaraq ki,  Azərbaycanda birinci vitse-prezident, Milli Məclisin sədri, Ombudsman kimi ciddi vəzifələrdə qadınlar təmsil olunur. 

Həmçinin ölkədə xeyli sayda deputat, icra başçısı, icra başçısının müavini və komitə sədri olan qadınlar var. Ancaq sadalananlara rəğmən hökümətdə qadınların təmsilçiliyi aşağı səviyyədədir. Mövzu ilə bağlı qadın məsələləri üzrə ekspert, Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri Məleykə Əlizadə bildirb  ki, gender bəabərliyi bərabər imkanlardan bərabər istifadə etməkdir .  Əgər statistic rəqəmlərdə biz bunu müşahidə etmiriksə, demək  gender bərabərsizliyidir: “Mövcud qanunvericiliyimizə, daxil olduğumuz SEDAW  Konvensiyasına görə, gender bərabərliyi bütün sahələrdə qadınların və kişilərin  imkanlardan bərabər istifadə etməsidir. Ancaq sizində qeyd etdiyiniz kimi rəqəmlər tam bunun əksinə işarə edir. 

 Baxmayaraq ki, Azərbaycan Konstitusiyası, “Gender təminatı haqqında” qanun,  Azərbaycan qadınlara qarşı hər cür ayrı seçkiliyin aradan qaldırılması haqqında SEDAW-ya qoşulub, Davamlı  İnkişaf Məqsədləri haqqında BMT-nin proqramı, ölkə prezidentinin bütün çıxışlarında bu məsələ prioritet olaraq göstərilir. Azərbaycanın qəbul etdiyi bütün proqramlarda bu məsələ qeyd olunur. Lakin gəlin görək, nəticə necədir?  Qanunlarda, sənədlərdə yazıldığı kimi qadınlar kişilərlə birgə bütün imkanlardan bərabər istifadə edə bilirlərmi? Nəticə onu göstərir ki, faydalana bilmirlər.  Statistika ölkənin datasını verir.


125 deputatdan 22 millət vəkili qadındır

Gender göstəriciləri əsasən statistik rəqəmlərlə müqayisə olnur. Biz baxırıq ki, qadınların siyasi səlahiyyətləndirilməsində, iqtisadi səlahiyyətləndirilməsində, təhsildə səlahiyyətləndirilməsində təmsilçiliyi necədir.  Məhz gördüyümüz rəqəmlərə əsasən deyə bilirik ki, gender bərabərliyi təmin edilməyib. Çünki bu gün ölkə səviyyəsində nazir qadınımız yoxdur. Parlamentdə 125 deputatdan 22 millət vəkili qadındır. Təbii ki, bu gender bərabərliyi demək deyil.  İqtisadi səlahiyyətləndirmədədə eyni göstəricilərdir.  Sahibkar qadınlar 30 % qalxsa da, bunların əksəriyyəti mikro sahibkarlardır. Bu iqtisadi səlahiyyələndirmə anlamına gəlmir”.


 Son dövrlər ölkədə qadınların iqtisadi təmsilçiliyi sahəsində gender bərabərliyinin qorunması üçün artım müşahidə olunan sahələrdən biri də qadın sahibkarlığıdır ki, burda qadınlarımız əsasən kiçik sahibkarlıqda müəyyən yol qət edə biliblər. Lakin bütün səylərə baxmayaraq, bu gün Azərbaycanda böyük korporasiyalara, holdinqlərə, banklara, sığorta şirkətlərinə, əmlak biznesinə rəhbərlik edən  ölkə səviyyəsində tanınmış qadın biznesmenləri görə bilmirik. 

Doğrudur, müəyyən sahələrdə kiçik uğurları müşahidə etsək də ümumilikdə, qadın təmsilçiliyində statistikaya ciddi təsir edəcək rəqəmlər hələki  nəzərə çarpmır. Bu isə ona işarə edir ki, ölkədə qanunlar qəbul olunsada onların işləmə mexanizmlərinin olmaması halları var. 

Vüsalə Hüseynli
Məqalə  USAİD Azərbaycan Missiyası tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində hazırlanıb.
 


Paylaş