QHT-lərdən həyacan təbili: XXI əsrdə...

Hər dörd saniyədə bir nəfər qida çatışmazlığı səbəbindən ölür.
 
QT.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edən dünya liderlərini ərzaq böhranının qarşısını ala biləcək tədbirlər görməyə çağıran 75 ölkədən olan 238 qeyri-hökumət təşkilatı bəyan ediblər.
 
Qeyri-hökumət təşkilatları Nyu-Yorkda sessiyada iştirak edən dünya liderlərinə və dövlət başçılarına ünvanladıqları açıq məktubda aclıq çəkənlərin sayının kəskin artmasından hiddətləndiklərini bildirir və dünya liderlərindən qlobal ərzaq böhranının dayandırılmasına dair tövsiyələr vermələrini tələb edirlər.
 
Məktubda, həmçinin qeyd olunur ki, hazırda dünyada 345 milyon nəfər kəskin aclıqdan əziyyət çəkir və bu rəqəm 2019-cu ildən bəri azı iki dəfə artıb. “Yolverilməz haldır ki, bu gün mövcud olan bütün kənd təsərrüfatı texnologiyaları ilə yanaşı biz XXI əsrdə hələ də aclıqdan danışırıq”, - deyə Yəməndən olan QHT nümayəndəsi Mohanna Əhməd Əli Əlcabali bildirib.
 
Ötən həftə Beynəlxalq Valyuta Fondu xəbər vermişdi ki, afrikalıların 12 faizindən çoxu ərzaq təhlükəsizliyi yoxluğu ilə qarşılaşır. Fond Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin hökumətlərini dövlət xərclərinin bölüşdürülməsi zamanı ehtiyatlılıq göstərməyə çağırıb.
 
Nigar Cəfərli
 
AZƏRTAC-ın xüsusi müxbiri
 
Madrid

Paylaş