Xəbərlər 26.09.2022 18:05 517

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrasında QHT-lərin rolu 

Bu gün insan alverinə qarşı mübarizə qlobal problemə çevrilib. Dünyanın inkişaf etmiş ölkələri belə bu cinayətlərdən əziyyət çəkir. İnsan alveri zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və ya satılır.


İnsan alverinə qarşı mübarizə son illərdə ölkəmizdə də geniş vüsət alıb. Bununla bağlı hüquqi-normativ baza müəyyən edilib. Eyni zamanda Prezidentin müvafiq sərəncamına əsasən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Planda dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının (QHT) da üzərinə müəyyən vəzifələr qoyulub. Bəs onlar bu mübarizədə hansı rolu oynayırlar?

 

Monitorinqlərin aparılması zəruridir
Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov bildirib ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı bu sahədə qanunvericilik bazasının ən vacib komponentlərində biridir. Bu sənədin ən səciyyəvi xüsusiyyətlərindən biri də məhz insan alverinə qarşı mübarizənin koordinasiya olunmasını özündə ehtiva etməsidir:


“Burada ən zəruri koordinasiya edilmiş fəaliyyət vətəndaşlarla polis orqanları arasında olan fəaliyyətdir ki, bunun da təmin edilməsində qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Təsadüfi deyil ki, sözügedən normativ sənədin 3-cü maddəsi milli fəaliyyət planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsini özündə ehtiva edir. Həmin maddənin b bəndi qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyasını özündə əks etdirir. İnsan alveri qurbanları ilə əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası Milli Koordinatorun əlaqələndirmə fəaliyyəti ilə QHT-lər tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Aşağıdakı fəaliyyətləri məhz vətəndaş cəmiyyəti institutları əlaqələndirir:

  • Telefon yardım xətti üzrə QHT-lər;
  • Təhlükəsiz sığınacaq üzrə QHT-lər;
  • Əməkdaşlıq fəaliyyəti üzrə QHT-lər;”

 

Hüquqşünas əlavə edib ki, göstərilən normaya əsasən, QHT-lər bu fəaliyyəti həyata keçirərkən qurbanlar üçün əlaqə vasitələrini (telefon yardım xətti və digər birbaşa təmas vasitələri) və təhlükəsiz sığınacaq daxilində onların təhlükəsizliyini və konfidensiallığını təmin edirlər. Zəruri hallarda bu qurumlar tibbi, psixoloji, hüquqi və digər yardımı da təmin edirlər. Həmçinin, QHT-lər qurbanların reabilitasiyası ilə bağlı müvafiq tədbirləri həyata keçirir və qurbanların, eləcə də şahidlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görürlər. Göstərilən vəzifənin icra edilməsinə digər beynəlxalq tərəfdaşlar cəlb edilməklə onların yardımından istifadə edilə bilər:

“Sənəddən də göründüyü kimi, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icra edilməsində vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş yer ayrılıb. Xüsusilə, qurbanların psixoloji-tibbi reabilitasiyasının təmin olunmasında QHT-lərin rolu faydalıdır. Bu sahədə fəaliyyət göstərən sığınacaqların faydalılıq əmsalını birmənalı qiymətləndirmək çətindir. Çünki onların fəaliyyəti konfidensal olduğu üçün həmin işlərin qiymətləndirilməsi çox prizmalı yanaşma tələb edir. Bu sahədə monitorinqlərin aparılması zəruridir. Lakin bu monitorinqlərin özü də səciyyəvi xarakter daşımalıdır. Qurbanların sorğuda iştirakının konfidensallığı təmin edilməlidir. Əsas meyar sığınacaqda reabilitasiya keçmiş qurbanların cəmiyyətə inteqrasiyasının səviyyəsi dəyərləndirilməlidir. Ümumilikdə bu fəaliyyətin daha səmərəli olması üçün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti daha da artırılmalı və keyfiyyəti yüksəldilməlidir”.

 

QHT-lər maarifləndirici tədbirlərin, kampaniyaların təşkilində fəal iştirak edirlər

Mövzu ilə bağlı fikirlərini bölüşən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova bildirib ki, insan alverinə qarşı mübarizə ilə bağlı milli fəaliyyət planı müvafiq dövlət qurumları ilə yanaşı QHT-lərin daim diqqətindədir:

“Artıq neçə illərdir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə yanaşı bu istiqamətdə QHT-lərin koalisiyası fəaliyyət göstərir. Burada 40-dan çox təşkilat təmsil olunur. Mütəmadi olaraq milli fəaliyyət planı hazırlandıqda QHT-lərə təqdim edirlər. Bu sahədə fəaliyyət göstərən bütün QHT-lər hansı məqamlarda öz töhfələrini verə biləcəkləri barədə qeydlər edir, təkliflərini verirlər. Məsələn, bəzi QHT-lər insan alveri qurbanlarına birbaşa sosial xidmətlər göstərir, reabilitasiya işləri aparırlar. Bəziləri hüquqi xidmət göstərir, bir qismi uşaqların təhsil məsələləri ilə məşğul olurlar. Digərləri insana alveri qurbanlarının deportasiyası, repatriasiya və miqrasiya məsələləri ilə məşğul olurlar. Hər öz sahəsində resursları çərçivəsində çalışır. Xüsusilə, insan alveri ilə mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində, buradakı mövcud boşluqların aradan qaldırılması istiqamətində, maarifləndirici tədbirlərin, kampaniyaların təşkilində fəal iştirak edirlər”.
K.Aşumova vətəndaş cəmiyyəti təmsilçilərinin insan alveri qurbanlarının reinteqrasiyası, onların məşğulluğunun təmin olunması istiqamətində də fəal iş apardıqlarını vurğulayıb. Milli Fəaliyyət Planının icrasında dövlət qurumları ilə bərabər addımladıqlarını, planın birgə icra edilməsində iştirak etdiklərini bildirib.

Fərqanə Allahverdiqızı
 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin