Xəbərlər 21.11.2022 18:35 284

Qrant müqavilələrinin qeydə alınması və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi

 Demokratik dəyərlərin, humanizm prinsiplərinin və insan hüquqlarının ön plana çəkildiyi zamanda ölkənin dövlət və ictimai həyatında ədliyyə orqanları mühüm yer tutur. Ədliyyə fəaliyyəti olduqca geniş və çoxşaxəlidir.  Ölkə Prezidentinin dövlət orqanlarının fəaliyyətində açıq hökumət prinsiplərinin, ictimai iştirakçılığın geniş tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən şəffaflığa, ictimaiyyətlə əlaqələrə, media və vətəndaş cəmiyyəti ilə vahid kommunikasiya siyasəti əsasında qarşılıqlı fəaliyyətə xüsusi önəm verilir. Davamlı olaraq brifinq, mətbuat konfransı, ictimai müzakirə və təqdimatlar, açıq qapı günləri təşkil edilməklə ictimaiyyət ədliyyə sahəsində islahatlar və yeniliklər barədə mütəmadi məlumatlandırılır.

 

Bu tədbirlər əhalinin hüquqi biliklərinin artırılmasına və vətəndaş məmnunluğuna yönəlmişdir.

Qrant alan, o cümlədən qeyri-hökumət təşkilatı yaratmaq istəyən şəxslər üçün maraqlı ola biləcək növbəti belə məlumat qrant müqavilələrinin qeydə alınması və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi mövzusuna həsr edilmişdir.  

 

Qrant humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. 

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır.

Bu münasibətlərdə qrant verən donor, qrant alan resipiyent sayılır. Qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətlər “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmin Qanuna əsasən aşağıdakılar donor ola bilər:

-    Azərbaycan dövləti;

-    siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar;

-    Azərbaycan Respublikasının istənilən hüquqi şəxsi;

-    Azərbaycan Respublikasının istənilən fiziki şəxsi;

-    Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri.

 

Aşağıdakılar resipiyent ola bilər:

-    Azərbaycan dövləti;

-    Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar;

-    bələdiyyə orqanları;

-    publik hüquqi şəxslər;

-    Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri

-    Azərbaycan Respublikasının fiziki şəxsləri.

 

Donorla resipiyent arasında yazılı müqavilə və ya qrant verilməsi haqqında donorun yazılı qərarı qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır.

Qrant yalnız müqavilədə göstərilən məqsədlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Onun başqa məqsədlər üzrə istifadə olunması ancaq donorun əlavə yazılı razılığı ilə mümkündür.

Azərbaycan Respublikasının donorları tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr qeydə alınması üçün donorlar tərəfindən, Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr isə resipiyentlər tərəfindən təqdim olunur.

Qeydiyyat ilə bağlı müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda əks olunmuşdur.  Müqavilələrin qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Müqavilə bağlanıldığı gündən 30 gündən gec olmayaraq qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Qrant müqaviləsinin qeydə alınması üçün müqavilənin əslinin nüsxəsi, layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi, donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, ərizəni, habelə müqaviləni qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd təqdim edilir. Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.

Qrant müqaviləsinin mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər.

Xarici donorlar Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Bu hüququn əldə edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi “bir pəncərə prinsipi” üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na uyğun həyata keçirilir.  Rəyin əldə edilməsi üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən əlaqələndirici dövlət orqanına, yəni qeydiyyat orqanına müvafiq ərizələrlə müraciət edilir. Ərizəyə yuxarıda qeyd olunan sənədlərdən başqa qrantın maliyyə-iqtisadi əsaslandırılması əlavə olunur.

 

Sənədlər daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, qeydiyyat orqanı onların tamlığını, donorun qanunvericiliklə nəzərdə tutulmuş xarici donorlara aid olub-olmadığını müəyyən edir və qrant müqaviləsi ilə qrantın maliyyə-iqtisadi əsaslandırılmasını Maliyyə Nazirliyinə göndərir. Maliyyə Nazirliyi tərəfindən müraciətə 7 gün müddətində baxılır.

 

Əgər əlavə araşdırma aparılması zərurəti yaranarsa müddət 7 günədək uzadılır. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə məlumat qeydiyyat orqanına donor tərəfindən 7 gündən gec olmayaraq təqdim olunur. Dövlət qurumu olan donor tərəfindən dövlət büdcəsi hesabına verilən qrant barədə müvafiq məlumatın təqdim edilməsi qeyri-hökumət təşkilatını müqavilənin qeydiyyat üçün təqdim edilməsi vəzifəsindən azad etmir.  Qeydiyyat orqanı tərəfindən müraciətlərə 15 gün ərzində baxılır, əgər əlavə araşdırma aparılması zərurəti yaranarsa müddət 15 günədək uzadıla bilər.

Sənədlər Maliyyə Nazirliyinə göndərildiyi halda, qrant müqaviləsinin qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı gün başlanılır.  Təqdim edilmiş sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılması üçün əlavə olaraq 10 gün müddət təyin edilir. 

Zəruri sənədlər təqdim edilmədikdə, araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, çatışmazlıqlar müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda, xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə qeydiyyat orqanı tərəfindən müqavilələrin qeydə alınmasından imtina olunur. Qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda müqavilənin qeydə alınmasını təsdiq edən bildiriş verilir. Qeydə alınmayan qrant müqavilələri üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

  Qrant müqavilələrinin qeydə alınması ilə bağlı göstərilmiş tələblər qrant verilməsi haqqında qərarlara, sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur. Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə məsuliyyət nəzərdə tutulsa da, Ədliyyə Nazirliyi daha çox maarifləndirmə işlərinin aparılmasına, tövsiyə xarakterli tədbirlərə üstünlük verərək bu sahədə qeyri-kommersiya qurumlarına lazımi köməklik göstərir.

 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Qeydiyyat və notariat baş idarəsi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti  idarəsinin

Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin məsləhətçisi,

 II dərəcəli ədliyyə qulluqçusu

 Zamanova Nərmin Nüsrət qızı            


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin